İnformasiya müharibəsi dövründə necə davranmalı?
Müasir dünyamızda elmi-texniki inkişaf müharibələrin metoduna da təsirsiz ötüşmür. Mütəxəssislər qeyd edirlər ki, gələcək dövrdə müharibələr dövlətlərin nizami orduları arasında deyil, müasir İKT vasitələri ilə silahlanmış, yüksək hazırlıq görmüş, əsəs məqsədi qarşı tərəfin informasiya resurslarını ələ keçirmək və ya nəzarətdə saxlamaq olan xüsusi qruplar arasında aparılacaq.
“İnformasiya müharibəsi” termini rəsmi olaraq ilk dəfə ABŞ Müdafiə Nazirliyi tərəfindən 1992-ci ildə istifadə edilib. ABŞ-ın Müdafiə Nazirliyinin informasiya müharibəsi haqqında sənədlərində bildirilir ki, informasiya həm silah, həm də məqsəddir: “İnformasiya hücumu isə icazə olmadan istənilən formada informasiyanın köçürülməsi, dəyişdirilməsi və məhvinə, habelə proqram təminatlarına, məxfi informasiyanın saxlandığı texniki qurğulara və insan psixologiyasına yönəlmiş əməliyyatdır.
Ancaq məsələyə daha makro aspektdən yanaşsaq, “İnformasiya müharibəsi” və onun tətbiqi daha qədim dövrlərə təsadüf edir. Məsələn, Çingiz xanın yürüşləri zamanı xüsusi informasiya hazırlığı görmüş müəyyən qrup atlılar işğal olunacaq ərazilərdə Çingiz xanın ordusunun hədsiz dərəcədə güclü və amansız əsgərlərdən təşkil olunduğu haqqında xəbərlər yayaraq əhalidə qorxu, ruh düşkünlüyü yaradırdılar. Bu cür psixoloji təsir üsullarından Makedoniyalı İsgəndər, Əmir Teymur və s. məşhur sərkərdələr də istifadə ediblər. Marafon döyüşündə farslar üzərində qələbəni öz xalqına çatdırmaq üçün Marafondan Afinaya qədər olan 42 km məsafəni dayanmadan qaçan və yunanlarda böyük ruh yüksəkliyi yaratmağa nail olan, yunan ordusunun qasidi Fidippidi də qədim informasiya müharibəsinin bir iştirakçısı hesab etmək olar.
Əsrlər keçsə də, informasiya müharibəsi yeni texnoloji həllər vasitəsilə davam edir. Sosial şəbəkə istifadəçiləri olaraq hər birimiz informasiya müharibəsində Azərbaycanın maraqlarını qorumağa xidmət etməliyik. İnformasiya müharibəsində iştirak və düzgün müdafiə üçün bizdən 42 km məsafəni qaçaraq qət etmək də tələb olunmur. Xüsusilə də, ağ ciyərlərə qarşı münasibətin həssas olduğu dövrdə. Bütün dünyanın COVİD-19 virusuna qarşı savaşdığı bir vaxtda təxribata əl atan düşmənimizin əsl üzünü dünya ictimaiyyətinə bir daha göstərməyə çalışmalıyıq. İnformasiya müharibəsinin bir parçası olmaq üçün
- Sosial media hesablarınızda, xüsusilə də “Twitter”də ingilis, rus və mümkünsə fransız dilində erməni aqressiyasını, Azərbaycan həqiqətlərini əks etdirən kontentlər dərc edə, müəyyən heşteqlərdən istifadə edərək səsimizi dünyaya çatdırmaqda dəstək ola bilərsiniz.
- Sosial media hesablarında əcnəbi dostları çox olan şəxslərin bu cür paylaşımlar etməsi iki qat effektivdir.
- Sosial media platformalarında mövzu ətrafında paylaşım etmək üçün müxtəlif xarici dilləri bilən dostlarınızdan dəstək ala, eyni kontenti müxtəlif dillərə tərcümə edərək yaya bilərsiniz.
- Sosial media platformalarında düşmən tərəfindən yazılmış yalan, təhrif olunmuş məlumatlara müdaxilə edə, aqressiya və təhqirə yol vermədən həqiqətləri əks etdirən cavablar yaza bilərsiniz.
- Qarşı tərəfin yaydığı dezinformasiyalar və ya digər məlumatların təsirində ruh düşkünlüyü yaşamaq, emosiyalara qapılmaq olmaz.
- Həqiqəti əks etdirməyən, təhrif edilmiş və şiddət əks olunan kontentləri şikayət edə bilərsiniz.
- Həyata keçirilən onlayn petisiyalara öz imzanız ilə dəstək ola və daha çox şəxsə çatması üçün sosial media hesablarınızda paylaşa bilərsiniz. Bununla bərabər öz kiber müdafiəmizə də diqqət yetirməli, mənbəyi məlum olmayan linklərə daxil olmamalı, tanımadığımız xüsusən də xarici nömrələrdən gələn SMS və ya WhatsApp mesajlarına cavab verməməliyik. Unutmayaq ki, məlumatlarımızın təhlükəsizliyini qorumaq ən vacib məsələlərdən biridir.
Mənbə: www.digital.gov.az