Vətən müharibəsində informasiya təhlükəsizliyi
Britaniyalı milyarder Natan Rotşildə məxsus məşhur bir deyim var: informasiyaya kim malikdirsə, o hər şeyə hakimdir. Bu fikir müasir dövrdə daha böyük önəm daşımağa başlayıb. Əgər bundan əvvəlki dövrləri texnika, atom əsri adlandırırdılarsa, indiki dövrü informasiya əsri adlandırırlar. 44 gün davam etmiş Vətən müharibəsi zamanı informasiyanın nə qədər böyük önəm daşıdığının bir daha şahidi olduq. 2020-ci il sentyabrın 27-də başlanmış hərbi əməliyyatlar Ermənistanın kapitulyasiyası ilə başa çatdı və Azərbaycan Silahlı Qüvvələri işğal edilmiş əzəli torpaqlarımızı düşməndən azad etdi. Tarixi Qələbənin memarı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, hərəkətverici qüvvəsi isə Azərbaycan Ordusu oldu. İşğalçı Ermənistan üzərində qazanılmış Zəfər xalqımızın hərb tarixinə qızıl hərflərlə yazılmış ən parlaq səhifələrdən biri kimi bizim və sonrakı nəsillərin iftixar mənbəyi olaraq qalacaq.
Müharibənin vacib məqamları nəinki Azərbaycan və Ermənistan, eləcə də dünya kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə geniş yer alıb. Hazırda dünyanın böyük analitik mərkəzlərində nüfuzlu ekspertlər, tarixçilər bütün parametrlər üzrə ordumuzun düşməni üstələdiyini, hərbi əməliyyatlar zamanı tətbiq edilən taktiki yenilikləri, arsenalımızda olan ən müasir silahları, ən başlıcası, Azərbaycan əsgərinin nümayiş etdirdiyi fədakarlığı və cəsurluğu 21-ci yüzilliyin hərbi trendi kimi araşdırırlar.
Vətən müharibəsi kontekstində müasir hərbi münaqişə və müharibələr zamanı kütləvi informasiya vasitələrinin, geniş anlamda informasiyanın böyük önəmi vardır. Mövzu yetərincə geniş və çoxşaxəli olsa da, qısaca əsas məqamlara toxunmaq pis olmazdı.
Yaşadığımız informasiya dövründə müasir texnologiyalar insan fəaliyyətinin bütün sahələrinə sirayət etmiş, o cümlədən hərb sənətində əsaslı dəyişikliklərə gətirib çıxarmışdır. Bu gün informasiya texnologiyalarının, internetin imkanları hesabına kütləvi informasiya vasitələri anlayışı xeyli genişlənib. İstənilən bloger, sosial şəbəkə istifadəçisi məlumat yaya, paylaşa bilir və həm dinc dövrdə, həm də hərbi münaqişələr və müharibə zamanı ictimai rəyə təsir etmək imkanına malikdir.
İnformasiya müharibəsi, psixoloji qarşıdurma, hibrid müharibə kimi yeni termin və anlayışlar ənənəvi müharibə barədə təsəvvürləri xeyli dəyişdirib. Bu gün xüsusi texnologiyaların köməyi ilə düşmən ordusuna və əhalisinə təsir göstərmək imkanları mövcuddur. Eləcə də öz məlumat qaynaqlarını, əhalini düşmənin psixoloji təsirindən etibarlı qorumaq informasiya müharibəsində önəmli vəzifə sayılır. Bu sahədə çalışanlar psixologiya sahəsində müasir biliklərə malik olduqlarından insanın şüuraltına və davranışlarına təsir etməklə öz istəklərinə nail ola bilirlər.
Müasir dövrdə informasiya texnologiyalarından istifadə etməklə beynəlxalq aləmdə ictimai rəyi öz xeyrinə dəyişə bilmək imkanları da diqqəti çəkən məqamlardandır.
Hadisələrin gedişi göstərir ki, Ermənistan və dünya erməniləri keçmiş Dağlıq Qarabağı hələ SSRİ-nin süqutu ərəfəsində Azərbaycandan nəyin bahasına olursa-olsun, qoparmağa ciddi hazırlaşmışdılar. Diaspor və lobbi təşkilatlarının köməyilə düşmən ölkəmizi, demək olar ki, informasiya blokadasına almışdı, torpaqlarımızın işğalını isə həqiqətə uyğun olmayan tarixi, etnik amillərlə əsaslandırmağa çalışırdı.
Bakıda 20 Yanvar qırğını, Xocalıda 366-cı alayın köməyilə soyqırımı törədilərkən, rayonlarımız işğal edilərkən dünya ictimaiyyəti bu vəhşiliklərə adekvat reaksiya vermədi. Bunun əsas səbəblərindən biri də Azərbaycanın informasiya blokadasına salınması, qarşıdurmaya hazır olmaması səbəbindən düşmənin əldə etdiyi üstünlük idi.
Cəbhədə atəşkəs imzalandıqdan sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hərb sahəsində əsaslı islahatlar həyata keçirilməyə başlandı. Ordu quruculuğunu prioritet elan etmiş dövlət rəhbərliyinin qayğısı ilə Silahlı Qüvvələrimizin təminatı, müasir silah və texnika ilə təchizatı tədricən yüksəldi. Qoşunlarımızın döyüş hazırlığı ildən-ilə möhkəmləndi. Eyni zamanda, informasiya sahəsindəki mövcud çatışmazlıqlar zaman keçdikcə aradan qaldırılmağa başlandı.
2014-cü ilin avqustunda cəbhədə yaranmış gərginlik zamanı bəzi yerli sosial şəbəkə istifadəçiləri tank bölmələrimizin manevrini telefonlarla çəkərək internet resurslarında yerləşdirmiş, bununla, necə deyərlər, düşmənin dəyirmanına su tökmüşdülər.
Prezident İlham Əliyev 24 sentyabr 2014-cü ildə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası silahlı qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” sərəncam imzaladı. Dövlət sirri təşkil edən məlumatların yayılmasına görə məsuliyyətin gücləndirilməsi sənəddə öz əksini tapdı. Həmçinin qoşunların dislokasiyası, hərbi-siyasi və əməliyyat şəraiti, hərbi sahədə Azərbaycan Respublikasının milli təhlükəsizliyinə xələl gətirə bilən digər məlumatların yayılmasının yolverilməzliyi, jurnalistlərin cəbhə boyu zonada akkreditasiyası, xidməti ezamiyyətlər və digər məsələlər həllini tapdı.
Kütləvi informasiya vasitələrinin nümayəndələri və internet istifadəçiləri arasında aparılan iş öz bəhrəsini 2016-cı il Aprel döyüşləri zamanı verdi. Ölkə mediası mənbəyi məlum olmayan informasiyalara deyil, dövlət strukturlarının yaydığı informasiyalara istinad etməyə başladı. Nəticədə erməni və ermənipərəst qüvvələrin yaydığı məlumatlar Azərbaycanda düşmənin ümid etdiyi səmərəni vermədi.
Aprel döyüşləri informasiya qarşıdurması zamanı ölkə media strukturlarının fəaliyyəti baxımından sınaq oldu və dövlət qurumları düşmənin informasiya həmlələrinin qarşısını almağı bacardı.
44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Silahlı Qüvvələri düşməndən qat-qat güclü olduğunu döyüş meydanlarında sübuta yetirdi. Müharibə dövrünün qaydalarına uyğun olaraq ilk günlərdən yerli məlumat resurslarını, ordu bölmələrini və əhalini düşmənin təsirindən qorumaq üçün lazımi tədbirlər görüldü.
Ermənilər Azərbaycana qarşı mübarizəni yerli və xarici kütləvi informasiya vasitələrində, internet resurslarında, sosial şəbəkələrdə gerçəkləşdirirdilər. Onlar Azərbaycanı və Silahlı Qüvvələrimizi nüfuzdan salmaq üçün həqiqətə uyğun olmayan saxta məlumatlar yayırdılar. Xüsusilə təsir imkanlarına malik olduqları ölkələrin mətbuatında, elektron informasiya vasitələrində ölkəmizi alçaltmağa çalışırdılar. Ancaq vəziyyət 90-cı illərdəki kimi deyildi və internet vasitəsilə dünyaya pəncərənin açıq olduğu bir şəraitdə Azərbaycan tərəfindən düşmənin bütün təxribatlarının qarşısı informasiya məkanında cəsarətlə alınır, onların yalanları konkret fakt və arqumentlərlə ifşa olunur, dövlətimizin mənafe və maraqları hərtərəfli müdafiə edilirdi.
Vətən müharibəsinin ilk günlərindən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev informasiya qarşıdurmasının xeyrimizə dəyişməsində önəmli rol oynadı. Dövlət başçısı xarici və yerli kütləvi informasiya vasitələrinin nümayəndələrinə, britaniyalı jurnalistlərdən birinin dediyi kimi 4 dildə müsahibələr vermiş, ölkəmizin haqlı mövqeyini dünyaya media vasitələrilə çatdırmış, BMT-nin sənədlərinə və beynəlxalq hüquqa əsaslanaraq 30 ilə yaxın davam edən Ermənistanın işğalına Azərbaycanın son qoymaq istəyini inandırıcı fakt və sübutlarla əsaslandırmışdı.
Ermənistanın baş naziri Nikol Paşinyanın yalan və uydurma üzərində qurulmuş rus və ingilis dillərində zəif çıxışları fonunda Ali Baş Komandan İlham Əliyevin mükəmməl bəyanatları ölkəmizə rəğbət oyadırdı. Rusiyalı hərbi ekspert Mixail Xodoryonok Rusiya telekanallarında hər iki dövlət rəhbərinin çıxışlarını müqayisə edərək demişdi: “Nikol Paşinyan və Ermənistanın yüksək dövlət və hərbi rəhbərliyinin nümayəndələri Bakının fonunda açıq-aydın solğun görünürdülər”.
Ermənistan ordusunun təbliğat maşınına rəhbərlik edənlər saxta xəbərləri nəinki Azərbaycan cəmiyyətində, hətta erməni cəmiyyətində belə inamsızlıqla qarşılanırdı. Rusiyanın erməni əsilli media maqnatı, Aprel döyüşləri zamanı saxta xəbərlər yayması ilə bizə yaxşı məlum olan Aram Qabrelyanovun təxribat planlarını həyata keçirən rusiyalı jurnalist Semyon Peqovla birlikdə həqiqətə uyğun olmayan məlumatlar paylaşması, məsələn, Hadrut qəsəbəsini ordumuzun azad etməsini, düşmənin geri oturdulmasını guya Ermənistan ordusunun “taktiki gedişi” adlandırması və bu kimi məlumatlar sosial şəbəkələrdə ifşa olunur, gülüş obyektinə çevrilirdi.
Hərbi əməliyyatlar zamanı ən vacib məqamlardan biri öz məlumat mənbələrini düşmən təsirindən qorumaq idi və Azərbaycan tərəfi bu işin öhdəsindən gəlməyi bacardı. Məlumata görə, müharibə dövründə dövlət informasiya resurslarına 2678 kiberhücum təşkil edilmiş, bu hücumların qarşısı müvəffəqiyyətlə alınmışdı.
Ümumiyyətlə, Ermənistan tərəfi, onları himayə edən xarici media mənsubları və sosial şəbəkə istifadəçiləri Vətən müharibəsi günlərində yüzlərlə belə saxta xəbərlər yaysa da, bunların çoxu məharətlə təkzib edilirdi.
Bu məlumatlar əgər bir tərəfdən Ermənistan ordusunun və cəmiyyətinin ruhunu yüksəltmək məqsədi daşıyırdısa, digər tərəfdən Azərbaycan Ordusunun döyüş ruhunu sarsıtmağa, cəbhə yanı ərazilərdə yaşayan soydaşlarımız arasında təlaş, xaos yaratmaq niyyəti güdürdü. Eyni zamanda, düşmən beynəlxalq ictimaiyyəti çaşdırmağa, Azərbaycanın ədalətli mübarizəsinə mənfi don geyindirməyə, öz himayədarlarını Azərbaycana qarşı qaldırmağa çalışırdı. Ancaq vaxtında aparılan məqsədyönlü tədbirlər nəticəsində saxta xəbərlər dəlillərlə təkzib edilir və müharibə qaydalarına riayət etməyən, əsir və girovlara qarşı vəhşicəsinə davranan, dinc əhalini ballistik raketlərdən atəşə tutaraq kütləvi qətllər törədən düşmənin iç üzü açılaraq ifşa olunurdu.
Bütün bunlar bir daha göstərir ki, informasiya müasir münaqişələr və müharibələr dövründə yetərincə böyük rol oynayır və dövlətin informasiya təhlükəsizliyinin təmin edilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir.
Əbülfət QASIMOV Hərb Tarixi Muzeyi