İnformasiya anlayışı, onun formaları və xassələri
İnformasiya termini mənşəcə latın sözü olub, izahetmə, şərhetmə, məlumatvermə mənalarını daşıyan «informatio» sözündən yaranmışdır. İnformatikada informasiya ilkin və təyin olunmamış anlayış kimi qəbul olunur.
İnformasiya ifadə olunma formasından asılı olmayaraq insanlar, canlılar, cansızlar, faktlar, hadisələr, proseslər və s. haqqında olan məlumat və biliklərdir. Biliklər isə müəyyən faktlar və onlar arasındakı asılılıqlar şəklində ifadə olunur. İnformasiyanı yaratmaq, ötürmək, saxlamaq, emal etmək mümkündür.
İnformasiya təbiətdə siqnallar şəklində ötürülür və iki tipə ayrılır: analoq və rəqəmli. İnsanlar öz hissiyyat üzvlərinə görə analoq, kompyuterlər isə rəqəmli informasiyaların köməyilə fəaliyyət göstərir.
Müxtəlif intensivliyə malik olan siqnallar müxtəlif informasiyaları daşıyır. Bu tipli informasiyanı analoq informasiya adlandırırlar. Analoq informasiya kəsilməzdir — biz təbiətdə heç bir vaxt iki eyni rəngli yarpaq və ya iki eyni formalı iki bulud görə bilmərik.
Kompyuterdə informasiya başqa xüsusiyyətə malik verilənlər şəklində təsvir olunur. Şəkildə hər hansı rəng nə qədər parlaqdırsa, kompyuterin yaddaşında bu siqnal bir o qədər artıq olur. Bunları səs və başqa siqnallar haqqında da demək olar. Bu formada təsvir edilən informasiya rəqəmli informasiya adlanır.
Rəqəmli informasiya diskretdir, belə ki, səs, rəng və formaların sonsuz müxtəlifliyinin təsviri üçün ədədlərin müəyyən və sonlu sayından istifadə edilir.
Analoq informasiyanın rəqəmli şəkildə təsviri analoq-rəqəmli çevrilmə adlanır. Bu çevrilmədə istifadə edilən ədədlər nə qədər müxtəlif olarsa, rəqəmli informasiyanın diskretliyi, yəni onun dəqiqliyi də bir o qədər çox olar, başqa sözlə, rəqəmli informasiya analoqa bir o qədər yaxın olar.
Başqa sözlə, analoq informasiya deyildiyi kimi təsvir edilir və insanın duyğu üzvləri ilə qəbul edilir. Rəqəmli informasiya isə kompyuterin emal etdiyi informasiyadır və kodlarla ifadə olunur.
İnformasiyanın 1) faydalılıq, 2) tamlıq, 3) həqiqilik, 4) qiymətlilik, 5) təzəlilik və s. kimi xassələri vardır.
İnformasiya yaranmasına, qəbul edilməsinə, ötürülməsinə, ifadə formalarına və vasitələrinə, istifadəsinə və s. görə müxtəlif cür qruplaşdırıla bilər. İnformatikada fakt, məlumat, xəbər terminləri çox vaxt «verilənlər» sözü ilə ifadə olunur. «Verilənlər» (ing. data) texniki vasitələrlə (məsələn, kompyuterlə) saxlanması, emal edilməsi və ötürülməsi üçün formal şəkildə təsvir edilən (kodlaşdırılan) məlumatdır. «Verilən» termini latınca «datum» (fakt) sözündən yaranmışdır. Lakin verilən bəzən konkret və ya real fakta uyğun gəlməyə bilər. Verilənlər bəzən qeyri-dəqiq, həqiqətdə mövcud olmayan anlayışları ifadə etməyə bilər. Odur ki, verilən dedikdə öyrənilən obyektin, hadisənin və ya fikrin təsviri başa düşülür.
Verilən ümumi halda ad, qiymət, tip və struktur xarakteristikaları ilə təyin olunurlar. Verilənlərin tip xarakteristikasından əsasən proqramlaşdırmada istifadə edilir.
Tipinə görə verilənləri 4 qrupa ayırırlar:
— hesabi (və ya rəqəm tipli);
— mətn (və ya simvol tipli);
— məntiqi tipli;
— göstərici tipli.
Hesabi verilənlərdə qiymət rəqəmlərlə ifadə olunur (Məs., «yaşı-28»).
Mətn tipli verilənlərdə qiymət sözlə (simvollarla) ifadə olunur (Məs., «qırmızı rəngli»).
Məntiqi verilənlərdə qiymət məntiqi kəmiyyətlə ifadə olunur (məs., «18 ədədinin tək ədəd olması doğru deyil»).
Göstərici tipli verilənlərdə isə proqramlaşdırmada yaddaş ünvanları ilə işləmək üçün istifadə olunur.
Qeyd edək ki, proqramlaşdırmada verilənlər həmçinin say sisteminə, təsvir formasına, ölçüsünə görə də xarakterizə edilir.
İnformasiyanın təsvir üsulları
Kompyuterdə verilənlər ikilik say sisteminin rəqəmləri ilə təsvir olunur. Verilənlərin bu cür təsviri ikilik kod adlanır. İnformasiyanın ikilik rəqəmlərlə yazılması ikilik kodlaşdırma, ikilik rəqəmlərin özləri isə bit (ing. binary digit — ikilik rəqəm) adlanır. Bit — informasiyanın ən kiçik ölçü vahididir.
Bit çox kiçik vahid olduğundan, kompyuter texnikasında informasiya vahidi kimi 8 bitdən ibarət olan baytdan istifadə edilir. Baytda hər bir bit yalnız iki qiymət — 0 və 1 ala bilər.
İnformasiya prosesləri və onların avtomatlaşdırılması
İnformasiya proseslərinə informasiyanın toplanması, ötürülməsi, saxlanması, emalı və istifadəçiyə çatdırılması aiddir. İnformasiyanın toplanması öyrənilən obyektin vəziyyəti haqqında məlumatın alınması məqsədi ilə aparılır.
İnformasiyanın toplanması adi halda insan tərəfindən, avtomatlaşdırılmış halda isə texniki vasitələr və sistemlər tərəfindən yerinə yetirilir.
İnformasiyanın ötürülməsi. Toplanan informasiyanın emal edilməsi üçün o, emal vasitələrinə ötürülməlidir. Adi halda informasiyanın emalı insan tərəfindən, avtomatlaşdırılmış kompyuterlər vasitələrlə aparılır. İnformasiyanın ötürülməsi məsafədən asılı olaraq müxtəlif vasitələrlə yerinə yetirilə bilər. Yaxın məsafəli ötürmələrdə kabellərdən, uzaq məsafəli ötürmələrdə isə rabitə kanallarından (telefon, teleqraf, peyk rabitəsi və s.) istifadə edilir. Müasir kompyuterlərdə informasiyanın telefon kanalı vasitəsilə uzaq məsafəyə ötürülməsi üçün modem (modulyator — demodulyator) adlanan xüsusi qurğudan istifadə edilir.
İnformasiyanın saxlanması. İnformasiya emal edilməzdən əvvəl və sonra daşıyıcılarda saxlanır. İnformasiya daşıyıcısı kimi kağızdan, perfolentdən, perfokartdan, maqnit lentindən, müasir kompyuterlərdə isə maqnit və lazer disklərindən və kartlardan istifadə olunur.
İnformasiyanın axtarışı və emalı adi halda insan tərəfindən, avtomatlaşdırılmış halda isə kompyuter vasitəsilə aparılır. İnformasiyanın emalı başqa sözlə qarşıya qoyulan məsələnin həlli deməkdir. Bunun üçün əvvəldən hazırlanmış alqoritmlərdən və proqramlardan istifadə olunur. İnformasiyanın emalından alınan nəticələr tələb olunan formada istifadəçilərə çatdırılır. Avtomatlaşdırılmış üsulla (kompyuterlə) emal olunan informasiya istifadəçilərə adətən kompyuterin xaricetmə qurğuları ilə (monitor, printer, plotter və s.) mətn, cədvəl, qrafik və s. şəklində çatdırılır.
Son illərdə «Kompyuter texnologiyası» və “İnformasiya texnologiyası” terminlərindən də geniş istifadə olunur. «Texnologiya» yunan sözü olub (techne (bacarıq) + logos (öyrənmə)) məhsulun hazırlanması bacarığı, istehsal proseslərinin yerinə yetirilməsi üçün üsul və vasitələr haqqında biliklər toplusu deməkdir.
İnformasiya texnologiyası — informasiya ehtiyatlarından istifadə olunması proseslərini yüngülləşdirmək, onların etibarlılığını və operativliyini artırmaq məqsədilə informasiyanın toplanması, ötürülməsi, saxlanması, emalı və istifadəçilərə çatdırılmasını təmin edən və texnoloji zəncirdə birləşdirilən metodlar, istehsal prosesləri və texniki-proqram vasitələri toplusudur. Bütün texnologiya növləri içərisində informasiya texnologiyası «insan amilinə» çox yüksək tələblər qoyur (peşəkarlıq səviyyəsi, zehni və fiziki iş qabiliyyəti və s.).
İnformasiya sistemləri kompyuterlərdən, kompyuter şəbəkələrindən, proqram məhsullarından, verilənlər bazalarından, insanlardan, müxtəlif növ kommunikasiya vasitələrindən və s. ibarət olan mühitdir.
İnformasiyanın kodlaşdırılması
Yalnız rəqəmlərlə ifadə olunan informasiyaya kodlaşdırılmış informasiya deyilir. Bunun üçün istifadə olunan rəqəmlərə kodlar deyilir. Kompyuterdə informasiya yalnız kodlaşdırılmış şəkildə emal olunur və kodlaşdırma üçün ikilik say sistemindən — binar koddan, ikilik koddan istifadə olunur. İkilik kod «0» və ya «1» rəqəmlərindən hansısa biri deməkdir.
Kompyuter yaddaşının tutumunu göstərmək üçün əsasən aşağıdakı ölçü vahidlərindən istifadə olunur:
Mətn tipli informasiyanın kodlaşdırılması
Mətn tipli informasiyanın baytlarla kodlaşdırılması bir neçə müxtəlif standarta əsaslanır, lakin əsas standart ABŞ-da ANSI Milli insitutunda işlənilmiş ASCII (American Standard Code or Information Interchange) standartı olmuşdur.
Bütün tələblərin hər kəs tərəfindən ödənilməsinin təmin edilməsi üçün aşağıdakılar qəbul edilmişdir: 1. Hər biri bir bayt təşkil edən 256 koddan ilk 32-si (0-dan 31-ə qədər) kompyuter, printer və başqa qurğuların istehsalçılarına verilmişdir. Onlar bu kodları istədikləri əməliyyat üçün təyin edirlər. Lakin sonradan istehsalçılar tərəfindən bu kodlar üçün də standartlar işlənilmişdir, bu standartları qəbul etməyənlər isə sadəcə olaraq öz məhsullarını sata bilmədiklərinə görə bazardan çəkilmişlər. Məsələn, bütün kompyuter sistemlərində 13 kodu mətn daxil edilərkən abzasın bitməsi və yeni abzasın başlaması üçün istifadə edilir. 2. Qalan kodlar cədvəli iki hissəyə bölür: 32-dən 127-yə qədər olan kodlar dünyadakı bütün kompyuter sistemlərinin istifadə etdiyi simvolların kodlarını təşkil edir. 128-dən 255-ə qədər olan kodları isə hər bir ölkə özünə uyğun şəkildə yerləşdirə bilər.
ASCII cədvəlindən başqa digər kodlaşdırma sistemləri də mövcuddur. Bunlara misal olaraq Windows 1251, КОИ-8 və s. sistemlərini göstərmək olar. Bu sistemlərdə 1 simvolun kodlaşdırılması üçün 8 bit və ya 1 bayt istifadə edilir.
1991-ci ildə 16-bitlik Unicode (Yunikod) sistemi təklif edilmişdir. Bu sistemdə hər bir simvolun kodlaşdırılması üçün 2 bayt istifadə edilir: 1 bayt — simvolun kodlaşdırılması üçün, bir bayt isə əlamətinə görə ayrılır. Bununla yanaşı Unicod kodlaşdırma üsulunun ASCII standartı ilə informasiya uyğunluğu təmin edilir.
Unicode nə deməkdir? Yuxarıda qeyd etdiyimiz kimi, əvvəllər hər bir simvolun kodu yalnız bir baytdan ibarət idi, Unicode standartında isə hər bir simvol 2 bayt ilə kodlaşdırlır, bu da eyni zamanda 65536 simvolun işlədilməsinə yol açır. Bu ədəd isə dünyanın bütün əlifbalarını özündə saxlaya bilər. Bu 65536 kodun arasında “Ə”, “ə” hərfi üçün də (türk əlifbasında olduğundan dilimizin o biri «qeyri-standart» hərflərinin Unicode kodları əvvəldən məlum idi) yer tapıldı. Nəhayət, 28 iyul 2001-ci ildə Azərbaycan dili üçün Unicode (2-baytlıq) və qeyri-Unicode (1 baytlıq) simvol kodlaşdırmaları və həmçinin klaviatura düzümü qəbul edildi. Əslində Unicode standartı çoxdan tətbiq olunurdu və bu sadəcə rəsmiləşdirildi.
Mənbə: www.kayzen.az